Vətən müharibəsində “ruhani diplomatiyası” –QMİ müharibədə necə “döyüşdü”?

Azərbaycan 44 gün apardığı Vətən Müharibəsindən qalib çıxdı. Qəhrəman Ordumuz sayəsində düşmən darmadağın edildi və məğlub olduğunu bəyan etdi.

Bu günlər Azərbaycan dövləti və xalqı üçün həm də bir sınaq oldu. Ali Baş komandan İlham Əliyevin ətrafında vahid yumruq kimi birləşmiş azərbaycanlılar düşmən üzərində qələbənin təmin olunmasında misilsiz rol oynadılar.

Hamı bir nəfər kimi yalnız qələbə və torpaqların işğaldan azad edilməsi üçün çarpışırdı. Ön cəbhədə əsgər, arxa cəbhədə bütün ictimai-siyasi kəsim…

Təsadüfi deyil ki, Prezident İlham Əliyev xalqa müraciətlərində bu amili daim vurğulayır və bu birliyin bir yumruq kimi düşmənin başını əzdiyini bəyan edirdi.

Bu şanlı günlərdə müharibənin mənəvi yaralarına məlhəm olmaq, ədalətli mövqeyimizin və apardığımız davanın müqəddəs kitabda əks olunan “sizə qarşı vuruşanlarla vuruşun” bəyanı ilə bütün dünyaya çatdıran Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də çoxşaxəlilik baxımından yaddaqalan oldu.

Şeyxülislam üzərinə düşən işinin təşkili ilə yanaşı, həm də  diplomatiya və media səngərində öndə oldu.

QMİ müharibənin ilk günündən müharibə ovqatını daşıyan bir quruma çevrildi. Ölkənin hər tərəfində Şeyxülislamın təyin etdiyi qazılar və imamlar əsgərlərin döyüşə yola salınma mərasimlərində, şəhid dəfnin təşkilində və idarəsində təşkliatçı kimi öndə oldular.

Şeyxülislamın müharibə dönəmində fəaliyyətinin bir qolunu “ruhani diplomatiyası” təşkil etdi.

Döyüşlərin ilk günündə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etdi.

BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan Sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nufuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Nufuzlu dini qurumların, din xadimlərinin Azərbaycanın apardığı ədalətli mübarizəsinə dəstəyi ölkəmizin bu müstəvidə “benəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardan oldu.

Bu 44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı. Katolikos 2-ci Qareginin Qarabağda hərbi əməliyyatları dünya ictimaiyyətinə “xristian erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmadı. QMİ sədri Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini qızışdırıcı fəaliyyətdə ittiham edərək din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pislədi.

Bu sırada QMİ sədrinin Türkiyəyə səfəri yaddaqalan oldu. Səfər iki ölkənin vəhdətinin nümayişi olaraq bədxahların bütün cəhdlərinə rəğmən Türkiyə və Azərbaycan dini rəhbərlərinin birliyini, iki qardaş ölkənin vahidliyinin təcəssümünü göstərdi.

Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın haqlı mövqeyini ifadə etmək üçün daha bir mötəbər müstəvi oldu. Müharibə gedən günlərdə qurumun onlayn keçirilən Vyana konfransında QMİ sədri Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə olduğunu bəyan etdi.

Qeyd etdiyimiz kimi, Qarabağ münaqişəsi dini mahiyyət daşımasa da, zaman-zaman onu “müqəddəs müharibə”yə çevirməyə çalışıblar. Din xadimləri bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayıblar.

Bu baxımdan Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanın ABŞ-ın nufuzlu “Newsweek” nəşrində birgə məqaləsi ciddi hadisə sayıla bilər.

Dini rəhbərlər “Qarabağın gələcəyi üçün inancda birləşmək” adlı məqalədə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları dini müharibə kimi təqdim edənlərə tutarlı cavab verdilər.

Müsəlman, yəhudi, xristian din xadimləri bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır.

Bu məqalə QMİ-nin dövlətin bəyan etdiyi tolerant  prinsiplərə söykənən fəaliyyətinə, dünyanın multikultural vitrinində ən cazibədar ölkəyə çevrilən Azərbaycana etimad və hörmətinin yaddaqalan məqamlarından oldu.

Dinlərin qarşılıqlı dialoquna nail olan dövlətimiz bu baxımdan dünyaya dini tolerantlığın gözəl nümunəsinin mesajını verdi.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin xüsusi elçisi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı Azərbaycanı müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da “nümunə ölkə” adlandırmışdı.

Şuşanın işğaldan azad edildiyi gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirdiyi onlayn Beynəlxalq Konfransının mötəbər iştirakçıları Azərbaycana birmənalı dəstək nümayiş etdirlər.

İştirakçılar səmavi din adından törədilən qanlı cinayətləri pislədilər. Tədbir Azərbaycanın ərazi bütövlüyünün tam müdafiə olunması, Qarabağda qələbənin dəstəklənməsi Azərbaycanla həmrəyliyin bir daha təsdiqi oldu.

Bu sırada hətta Ermənistanın özünə arxa sandığı ölkələrdən gələn dəstək mesajları da yürüdülən siyasətin uğurlu nəticələrindən hesab oluna bilər.

Hərbi əməliyyatlar zamanı beynəlxalq müstəvidə Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ ictimai rəyin doğru yönəldilməsi idi. Bu baxımdan QMİ sədrinin müsəlman ölkələrinin birləşdiyi nufuzlu beynəlxalq qurumlarda apardığı iş, mövqe xüsusi qeyd oluna bilər. Azərbaycanın bu paltformada özünün tutarlı mövqeyini möhkəmləndirməsi üçün bu illər ərzində çoxlu işlər görülüb. A.Paşazadənin beynəlxalq platformada fəaliyyəti, müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında öz töhfələrini verdi.

Həmin günlərdə verilən dəstək bəyanatlarının hər birinin arxasında Azərbaycanın mürəkkəb beynəlxalq münasibətlər sistemində illər boyu apardığı ardıcıl və xalqa söykənən siyasətinin izi durur.

Emin ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN qoşunlarının komandanı Şuşada Rusiya FHN rəisi ilə görüşdü –

Sonrakı məqalə

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub