Yaponiyada dünyanın ən bahalı balığı satılıb. AzPost xəbər verir ki, Tokionun əsas balıq bazarında keçirilən Yeni il hərracında nəhəng tuna 510,3 milyon yenə, yəni təxminən 253 milyon rubla alınıb.
Məlumata görə, rekord məbləği Yaponiyada məşhur suşi restoranları şəbəkəsinin sahibi Kiyoşi Kimura ödəyib. Agrobite portalının yazdığına görə, bu qiymət 1999-cu ildən bəri Yeni il hərraclarında qeydə alınan ən yüksək göstərici hesab olunur. Kimura özü də belə yüksək məbləğ ödəyəcəyini əvvəlcədən gözləmədiyini bildirib.
Onun sözlərinə görə, balığı daha ucuz qiymətə almağı planlaşdırsa da, hərrac zamanı qiymət gözlənilmədən sürətlə yüksəlib. Restoran sahibi qeyd edib ki, bu tunusdan hazırlanan suşini dadan insanların özlərini daha enerjili hiss edəcəyinə ümid edir.
Bildirilir ki, Yaponiyanın şimal sahillərində tutulmuş bu tunanın çəkisi 243 kiloqram olub. Hərracdan dərhal sonra balıq doğranaraq suşi hazırlanması üçün istifadə edilib. Sözügedən suşilər restoranlarda hər porsiyası təxminən 500 yenə, yəni 250 rubla satılıb.
Restoran müştəriləri balığın dadını yüksək qiymətləndirib. Onların sözlərinə görə, tuna hətta soya sousu əlavə edilmədən belə şirin və zəngin dada malik olub.
Qeyd edək ki, Yaponiyada Yeni il hərraclarında tuna balıqlarının yüksək qiymətə satılması artıq ənənəyə çevrilib və bu cür alışlar daha çox simvolik xarakter daşıyır. Restoran sahibləri bununla həm keyfiyyətli məhsul təqdim etməyi, həm də markalarının tanıtımını gücləndirməyi hədəfləyirlər.