Böyük Britaniyanın Donkaster şəhəri yaxınlığında yerləşən Yorkshire Wildlife Park vəhşi təbiət parkında pələngin hücumu nəticəsində bir kişi həlak olub.
BBC News-un Cənubi Yorkşir polisi ilə istinadən yaydığı məlumata görə, hadisə ilə bağlı yerli vaxtla saat 13:35-də polisə məlumat daxil olub. Bildirilib ki, kişi pələnglərin saxlanıldığı əraziyə daxil olub. Heyvan ona hücum edib və kişi hadisə yerində həyatını itirib.
Polis həlak olan şəxsin yaxınlarına məlumat verildiyini bildirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun ailəsi ilə işləyirlər.
Parkın nümayəndəsi ölən şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, park rəhbərliyi hadisənin səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək üçün polis və digər səlahiyyətli qurumlarla əməkdaşlıq edir. Hadisədən sonrakı gün parkın bağlı qalacağı açıqlanıb.
Hücumdan sonra parkın ziyarətçiləri ərazidən təxliyə edilib. Polis əməkdaşları hadisə yerində araşdırmanı davam etdirirlər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, pələng xəsarət almayıb və öz volyerində qalıb. Parkdakı digər ziyarətçilər və ətraf ərazidə yaşayan insanlar üçün təhlükə olmadığı bildirilib.
Polis internetdə yayılan hücum görüntülərinin paylaşılmamasına çağırış edib.
Yorkshire Wildlife Park rəhbərliyi daha əvvəl fövqəladə hallar üçün nəzərdə tutulmuş prosedurların dərhal işə salındığını və hadisənin araşdırılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq edildiyini açıqlamışdı.
Park 2009-cu ilin aprelində açılıb. Pələnglər üçün nəzərdə tutulan xüsusi ərazi isə 2011-ci ildən fəaliyyət göstərir. Land of the Tigers adlanan zonada heyvanlar meşəlik və çəmənlik sahələrində sərbəst hərəkət edə, şəlaləli hovuzda üzə bilirlər.
Parkda pələnglərlə yanaşı şirlər, bəbirlər, gepardlar, ağ və qonur ayılar, həmçinin dəniz şirləri də saxlanılır.