Ölkədə su niyə çatışmır? Problemi necə həll etməli? –TƏHLİL

Azərbaycanda su çatışmazlığı ilə bağlı problemlər uzun müddətdir ki, öz həllini tapmır. Bu ilin mart ayının 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinləri su problemlərinin həll edilməməsinə  etiraz əlaməti olaraq maqistral avtomobil yolunu bağlamağa cəhd ediblər.

Aksiya iştirakçıları Amerikanın Səsinə bildiriblər ki, bir neçə aydır əkin sahələrini suvarmaq üçün su verilmir, əkdikləri bitkilər məhv olub. Etirazçılar həmçinin içməli suyun da olmadığını və lazımı instansiyalara dəfələrlə şikayət, xahiş etsələr də su problemləri həll edilmədiyini deyiblər.

Qeyd etməliyəm ki, elə həmin gün, martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşən ölkə başçısı İlham Əliyev demişdir: “Məqsədimiz ölkə ərazisini su təchizatı sistemi ilə tam əhatə etməkdir”. Onu da qeyd etməliyəm ki, hələ 2020-ci ildə su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə İlham Əliyev demişdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Xatırladım ki, 3 il əvvəl, 2020-ci ilin aprel ayında ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdı. Həmin il iyulun 27-də isə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” tədbirlər planı təsdiqlənmişdi. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” hazırlanmış tədbirlər planında əsas tədbirlərin icrası 2020-2021-ci illərdə başa çatmalı idi. Lakin həmin planda nəzərdə tutulmuş tədbirlər kağız üzərində qalmaqdadır. Hətta icra müddəti 2020-2021-ci illərdə başa çatmış tədbirlər yenidən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında yer almış və icra müddəti daha uzun müddətə qədər uzadılmışdır.

Rəsmi məlumata görə, Azərbaycanda su ehtiyatlarının həcmi 25 milyard kubmetrdir. Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti ölkədə su təchizatının son 30 ildə 20 faizə yaxın azaldığını və 2050-ci ilə kimi bir o qədər azalma ehtimalının olduğunu bildirir.

Beynəlxalq Təbii Resurslar İnstitutun (WRI) verdiyi proqnozlara görə, 2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır. Beynəlxalq Təbii Resurslar İnstitutun təqdim etdiyi hesabatda quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Ölkəmizin siyahıda təxmini olaraq ortada yer alması o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, ölkədə təlabatdan ən azı 4-5 dəfə çox su resursu olduğu halda, suvarma suyuna olan ehtiyac ödənilmir və tərtib olunan siyahıda Azərbaycanın 18-ci yer alması ona görə təhlükəlidir ki, ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir.

Azərbaycanda əhalinin artımı və yeyinti məhsullarına artan təlabat suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Mövcud su ehtiyatları suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin sahədə mövcud olan və öz həllini tapmayan problemlər bu potensialın reallaşmasını əngəlləyir. Ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açar. Azərbaycan Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 23,4 faizlə (2021-cu il) birinci yerdədir.

DSK-nın Meliorasiya və Su Təsərrüfatı  Açıq Səhmdar Cəmiyyətinin məlumatlarına əsasən hazırladığı cədvəldən (Cədvəl 1) də görünür ki, ölkədə hələ də ciddi su itkisinə yol verilir. Ümumi ölkə üzrə 2021-ci ildə təbii mənbələrdən götürülən suyun itkisi 23,4% təşkil etmişdir. 2021-ci ildə kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatına təbii mənbələrdən ötürülən (11,9 milyard kubmetr) suyun isə (3,1milyard kubmetr) 26 faizi itkiyə getmişdir. Təəssüflə qeyd etməliyəm ki, birbaşa kənd təsərrüfatında istifadə edilən suvarma suyunun itkisi hesaba alınmır. Əminliklə demək olar ki, kənd təsərrüfatına verilən suyun yarısı, yəni 50 faizi itkiyə gedir.

Yalnız Azərbaycanda deyil, dünyada şirin su çatışmazlığı məsələsi artıq ciddi problemə çevrilmişdir. Beynəlxalq təcrübə göstərir ki, bəzi ölkələr suvarma suyundan istifadədə israfçılığın qarşısını almaqla su çatışmazlığı probleminin həllinə nail olublar.

İsrail nümunəsi

Nümunə üçün qeyd etməliyəm ki, İsrail keçən əsrin sonlarında 1,24 milyard kubmetr suvarma suyundan istifadə etdiyi halda, hökumətinin səyi nəticəsində sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə istifadə edilən suvarma suyunun həcminini 1,12 milyard kubmetrə qədər azaldılmışdır. İsrail cəmi bu qədər suvarma suyundan istifadə etməklə daxili istehsal hesabına əhalinin ərzaq məhsullarına olan təlabatını  ödəməklə yanaşı, həm də yeyinti və kənd təsərrüfatı məhsulları ixrac edir. Təsəvvür edin, Azərbaycanda kənd təsərrüfatı üçün təbii su mənbəyindən götürülən suyun həcmi 11,9 milyard kubmetr olduğu halda, İsraildə bu rəqəm 1,12 milyard kubmetr təşkil edir. Əkin sahəsi Azərbaycanla müqayisədə 3,4 dəfə az olan, suvarma suyundan Azərbaycanla müqayisədə 10,6 dəfə az istifadə edən İsrail əhalisini 95 faiz qida məhsulları ilə təmin edir və üstəgəl hər il 1,5  milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edir. Çox böyük resurs imkanları olan Azərbaycan İsraildən az ərzaq məhsulları istehsal edir və 2 dəfə də az yeyinti məhsulları ixrac edir. Onu da qeyd etməliyəm ki, ərzaq təhlükəsizliyinin səviyyəsininə görə dünya ölkələri üzrə beynəlxalq reytinq cədvəlində İsrail 78 balla 8 yerdə, Azərbaycan isə 62,3 balla 56 yerdədir([2]).

Xatırladım ki, Azərbaycan ərazisi İsrail ərazisindən 3,9 dəfə çox olduğu halda, İsrail əhalisi Azətbacan əhalisindən cəmi 4,9 faiz (500 min nəfər) azdır. Azərbaycanın əkin sahəsi İsrailin əkin sahəsindən 4,4 dəfə, şirin su ehtiyatı isə 12,5 dəfə çoxdur.

Cədvəl 2. Azərbaycan və İsrail ölkələrinin əhali, ərazi, torpaq və iqlim göstəriciləri

 

                        Azərbaycan                             İsrail
Ərazisi (86 600 км²) Ərazisi 22 072 km²
Əhalisi 10,156 milyon nəfər Əhalisi 9,656 milton nəfər
Torpaq resursuKənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 4,75 milyon hektardır. Bu da ümumi ölkə ərazisinin 52,3%-ni təşkil edir. Əkin sahəsi 2 milyon hektar, o cümlədən suvarılan əkin sahələri 1,4 milyon hektar təşkil edir. Torpaq resursu.Torpaqların yalnız 20%-i kənd təsərrüfatı üçün yararlı hesab olunur. Ərazisinin 2/3 hissəsi səhradır. Kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 646 min hektar təşkil edir.Əkin ərazisi 450 min hektar, o cümlədən suvarılan sahə 225 min hektardır.
Şirin su ehtiyatı 25 milyard kubmetr. Bunun 16,5 milyard kubmetri yeraltı, 8,5 milyard kubmetri isə yerüstü sulardır. Ölkədə 1250-yə qədər çay var. Çayların əksəriyyəti Qafqazın ən böyük çayı olan Kür çayının hövzəsinə aiddir. Kür çayının su axını 443 m³/s təşkil edir.Araz Azərbaycanın ikinci böyük çayıdır. Araz çayının su sərfi isə 285 m³/s təşkil edirKür çayı üzərində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3 olanMingəçevir su anbarı mövcuddur.Respublikada 250 göl var ki, onların da əksəriyyəti əhəmiyyətsizdir. Ən böyük Hacıqabul (su tutumu 12,1 milyon kubmetr) gölüdür.  Şirin su ehtiyatı 2 milyard kubmetr.İsrailin su ehtiyatları son dərəcə məhduddur və əsasən yağıntılar hesabına formalaşır. Atmosfer yağıntılarının da 60-70%-i yağışdan qısa müddət sonra buxarlanır və ən azı 5%-i çaylarla dənizə axır. Torpağa hopmuş yağış suyunun qalan 25% -nin əhəmiyyətli bir hissəsi də yeraltı su ilə dənizlərə axır.İsraildə ümumi su təchizatı iki təbii su mənbəyi hesabına əldə edilir:1) Yerüstü şirin suların təbii anbarı ölkənin şimal-şərqində yerləşən, əsasən İordan çayı və onun qolları ilə qidalanan Kinneret gölüdür. Göldə mövcud suyun orta illik istifadə həcmi təqribən 500-600 milyon m³ təşkil edir ki, bu da ölkənin suya olan tələbatının üçdə birini və içməli suya olan tələbatın əsas hissəsini təmin edir.2) Şirin suyun böyük hissəsi (İsrailin su təchizatının 37%-i) yeraltı mənbələrdən formalaşır.
İqlim şəraitiÖlkə daxilində quru və rütubətli subtropikdən tutmuş dağ tundrasına (dağlıq) qədər bir neçə iqlim tipi mövcuddur.Yayda düzənliklərdə +26 – +30 ° C-dən yüksək dağlıq ərazilərdə +5 ° C-yə qədər, qışda isə düzənliklərdə -3 ° C-dən dağlarda -10 ° C-ə qədər. Yay qurudur. Payız və yaz yağışlar yağır. İqlim şəraiti münbit deyil, ərazisinin 60%-dən çoxu səhra, 95% quraq bölgələrdən ibarətdirNoyabr ayından başlayaraq may ayına qədər yağışlı qış və qalan vaxtlarda hava çox isti və quru olur. Yağışlar ən çox ölkənin şimalında yağır, cənub bölgələrində isə demək olar ki, yağış yağmır. Ölkə ərazisinin 60 faizini təşkil edən Negevdə isə bütün il boyu yarımsəhra iqlimi hökm sürür. Ölkənin şimal və qərbində orta illik yağıntı: 400-800 mm. Cənub və şərq rayonlarında isə bu rəqəm xeyli aşağıdır. Aprelin əvvəlindən oktyabrın sonuna kimi hava isti, qurudur, praktiki olaraq yağış yağmır.

 

İsrail təcrübəsi

Hələ 1935-1938-ci illərdə Dövlət Su Təchizatı Şirkəti İzreel vadisində üç quyu qazmış və həmin quyulardan əldə edilən su ümumi şəbəkədə birləşdirilmişdi. Həmin layihənin əsas xüsusiyyətləri:

  • 1. Suyun fasiləsiz təchizatını təmin etmək üçün uzun məsafələrə metal borular vasitəsi illə otürülməsi təşkil edilmişdi.
  • 2. Suyun borular vasitəsi ilə təzyiqlə ötürülməsi öz növbəsində ənənəvi selləmə suvarma üsulundan imtina etməyə və çiləyici sistemlərə keçməyə imkan yaratdı.
  •  3. Şəbəkənin iki beton anbar və iki açıq su anbarı ilə təchiz edilməsi, suyun yığılmasına və əkin sahələrinə fasiləsiz axınının təmin edilməsinə imkan verdi.
  • 4. Gecə elektrik enerjisi sərfiyyatının nisbətən az olduğu vaxtlarda çənlərə su vurulur, sonra isə suvarma sistemlərinə ötürülürdü.

Bütün bunlar su təhcizatında hətta qısamüddətli fasilələrin yaranmasının qarşısını almağa imkan verdi.

İsrailin əsas su təchizatı sistemi 1964-cı ildə başa gəlmiş Ümumisrail Su Boru Kəməri və yaxud Trans-İsrail Su Kəməridir. Ümumisrail Su Kəməri regional su sistemlərinin əksəriyyətini vahid bütövlükdə birləşdirir ki, bu da bütün ölkənin su təchizatının sabit balansını saxlamağa imkan verir, çünki su ehtiyaclara uyğun olaraq asanlıqla bir boru kəmərindən digərinə ötürülə bilir. Kəmərin əsas funksiyası ölkənin şimalından, əsasən Kinneret gölündən suyun əhalinin sıx məskunlaşdığı mərkəzə və quraq cənuba, o cümlədən Negev səhrasının şimal hissəsinə su nəql etməkdir. Ümumİsrail Su Boru Kəməri İsrailin ən böyük su təchizatı sistemidir. Magistral su kəmərlərinin ümumi uzunluğu 130 km, gücü ildə 450 milyon kubmetrdir.

İsrail su təchizatı sistemini qurmaqla ilk növbədə kifayət qədər su ehtiyatı olan ərazilərlə su qıtlığından əziyyət çəkən quru ərazilər arasındakı fərqlərin aradan qaldırılmasına nail olub.

Qış, yaz mövsümündə yağış suları, çaylardan, bulaqlardan axan artıq su yaradılmış təchizat sisteminə vurularaq yeraltı və süni su anbarlarına yığılır. Həmçinin yağışlı illərdə əlavə ehtiyat kimi toplanan su quraq illərdə sistem vasitəsi ilə istifadə edilir.

İsrailli mütəxəssislərin gəldiyi qənaətə görə, suyun borularla daşınması təzyiq altında aparılmalıdır. Bu üsul əhəmiyyətli maliyyə xərcləri tələb etsə də, relyefin mürəkkəbliyini aradan qaldırmağa və su itkisini minimuma endirməyə imkan verir. Və həmçinin istehlakçılar arasında suyun balanslaşdırılmış və ədalətli paylanmasına zəmanət verir.

İsraildə suyun duzsuzlaşdırılması, məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə tədbirlər görülür ki, bu da istehsalçılara xərcləri azaltmağa kömək edir.

İsrailin “Su Qanunu”na görə bütün su ehtiyatlarının hamısı ictimai mülkiyyət (nə dövlət, nə də özəl) hesab edilir. Su ehtiyatlarının idarə edilməsi dövlət tərəfindən həyata keçirilir və su ehtiyatlarına bütün növ sular daxildir. Bir yerə yığılan yağış artıq “Su Qanunu” nun yurisdiksiyası altına düşür.

İsraildə suya qənaət etmək üçü mütərəqqi texnologiyalardan istifadə edilir:

  • damcı suvarma;
  •  qabaqcıl filtrasiya metodlarından istifadə;
  • şəbəkələrdən su sızmalarını aşkar etmək üçün mütərəqqi texnologiyaların tətbiqi;
  • yağış sularının toplanması və təmizlənməsi sistemləri;
  • su axınının ölçülməsi;
  • suyun qiymət siyasəti;
  • yüksək qiymətli əkinlərə keçid;
  • termal suların təkrar istifadəsi;
  • suvarmanın kompüterləşdirilməsi və uzaqdan idarə edilməsi təşkil edilir.

İsrail şirin su əldə etmək üçün daim yeni üsulların axtarışındadır. Son 70 ildə ölkədə meşələrin salınmasına ciddi önəm verilmişdir. Belə ki, 70 il əvvəl İsraildə ümumiyyətlə meşə sahələri olmadığı halda, hazırda meşə örtüyü ölkə ərazisinin 8 faizini təşkil edir.

Beləliklə, əlverişsiz iqlim şəraiti və məhdud su ehtiyatları olan İsrail ölkənin su təchizatının sabit balansını saxlamağa nail olub. Azərbaycan isə İsraillə müqayisədə daha çox su ehtiyatlarına sahib olduğu halda, ölkənin içməli və suvarma suyuna ölan ehtiyaclarını qarşılaya bilmir.

Təkliflər

Su həyat mənbəyi olduğu üçün ölkənin su təminatının davamlı, su təhlükəsizliyinin etibarlı, güvənli olması çox vacibdir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyəti uzun illərdir ki, ölkənin su resurslarından səmərəli istifadəni təşkil edə bilmir. Apardığımız araşdırmalar göstərdi ki, əlverişsiz iqlim şəraiti və məhdud su ehtiyatları olan İsrail ölkənin su təchizatının sabit balansını saxlamağa nail olub.

Azərbaycan hökuməti su ehtiyatlarından səmərəli istifadəni təşkil etmək üşün qabaqcıl təcrübələrdən yararlana bilər. İsrail təcrübəsi Azərbaycan üçün daha uyğundur.

Azərbaycanda su təsərrüfatı idarəçiliyinin bir mərkəzdən koordinasiya edilməməsi çox ciddi problemdir. Bu sahədə 4 dövlət orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərenerji ASC , Meliorasiya və Su Təsərrüfatı ASC) müəyyən funksiyalar həyata keçirir. Hesab edirəm ki, ölkənin su təsərrüfatı yalnız bir mərkəzdən idarə edilməlidir. Misal üçün, İsraildə ölkənin yanacaq-energetika kompleksinin və su təchizatının idarə edilməsi və tənzimlənməsinə cavabdeh olan Milli İnfrastruktur, Enerji və Su Təchizatı Nazirliyidir. Azərbaycanda bütün su ehtiyatlarının və təchizatının idarə edilməsi və tənzimlənməsi sahəsində dövlət siyasətini həyata keçirən hakimiyyət orqanı olmalıdır. Həmin orqan gələcək perespektivlər üçün su təsərrüfatı sisteminin yaxşılaşdırılması ilə bağlı dövlət proqramı hazırlayıb həyata keçirməlidir.

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində yağış, çay və qrunt sularının yığılması üçün su anbarları, süni göllər yaratmaq imkanları var. Azərbaycanın relyefi buna imkan verir. Yaradılacaq anbarların, göllərin suyunu regionlar üzrə bir şəbəkədə birləşdirməklə su resuslarından daha səmərəli istifadə edilə bilər. Dağlıq və dağətəyi ərazilərdə yığılan yağış, çay və qrunt suları hesabına ilk növbədə həmin ərazilərdə yaşayan əhalinin içməli və suvarma suyuna olan təlabatı ödənilməlidir. Anbarlara, göllərə yığılacaq artıq su isə ehtiyacı olan bölgələrə nəql edilə bilər.

Ölkənin mövcud su ehtiyatlarından səmərəli istifadə etmək, su nəqli və sudan istifadə zamanı itkiyə yol verməmək üçün mənbələrindən götürülən suyun nəqlini metal borular vasitəsi ilə təşkil etmək gərəkdir. Suvarma suyundan istifadənin səmərəliliyini təmin etmək üçün ölkədə geniş miqyasda damcı suvarma sistemi tətbiq edilməlidir.

Meşə ərazilərinin genişləndirilməsi, dağlarda kolluqların, ağacların artırılması, ot örtüyünün yaxşılaşdırilması kimi tədbirlər də öz növbəsində ölkədə şirin su ehtiyatlarının artımına səbəb olar.

 

Vahid MƏHƏRRƏMOV

ASTNA.biz

Əlavə1

Cədvəl 1. Təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi (milyon kub metr)

İllər Mənbələrdən götürülən su Su istehlakı Nəql zamanı itən su
2018 12847 9205 3643
2019 13227 9472 3755
2020 12960 9693 3267
2022 13742.8 10526.3 3216.5
o cümlədən kənd təsərrüfatı 11965.5 7586.3 3121.4
Əvvəlki məqalə

“Rusiya istənilən qeyri-dost hərəkətə sərt reaksiya verəcək”

Sonrakı məqalə

“Belarus bunu təsdiqləsə, cavab verməli olacaq”