Sentyabrın 30-na keçən gecə rus qoşunları müxtəlif istiqamətlərdən PUA-larla Kiyevə hücum edib.
Azpost.info bildirir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının (KGVA) saat 06:00 radələrində verdiyi məlumata görə, Ukraynanın paytaxtına hava hücumu xəbərdarlığı beş saatdan çox davam edib.
Bütün dronlar hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, itki və dağıntı olmayıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, pilotsuz təyyarə Obolonski rayonu üzərində vurulub, onun dağıntıları yaşayış binalarının yanına düşüb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı sentyabrın 30-da səhər saatlarında elan edib ki, gecə saatlarında Rusiya qoşunları Ukrayna ərazisi boyunca 73 “Şahed” tipli pilotsuz uçuş aparatı, eləcə də üç müxtəlif tipli raket buraxıb. Ukrayna hərbçilərinin məlumatına görə, Kiyev, Çerkassi, Vinnitsa, Kirovoqrad, Jitomir, Poltava, Çerniqov, Sumı, Xarkov, Dnepropetrovsk və Nikolayev vilayətləri üzərində bir raket və 67 pilotsuz uçuş aparatı vurulub.