Qeydiyyatı yenilənən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) siyasi fəaliyyətini daha da aktivləşdirib. Bu barədə Azpost.info-ya açıqlamasında təşkilatın sədri Mirmahmud Mirəlioğlu bildirib.
Partiya rəhbəri deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun şəkildə sənədləri Ədliyyə Nazirliyinə ilk dəfə təqdim edəndə qeydiyyatdan imtina edilib və düzəlişlər üçün vaxt verilib: “Həmin müddət ərzində üzvlərimizin qeydiyyatını yenilədik, sənədləri tələb olunan şəkildə təqdim etdik və təkrar qeydiyyata alındıq. Hazırda təşkilatlanma işini daha da sürətləndirmişik, şəhər-rayon təşkilatlarına yeni üzvlər qəbul edilir və s. Eyni zamanda, partiyanın Ali Məclisinin iclasları vaxtlı-vaxtında keçirilir, qərarlar qəbul edilir”.
“KXCP mütəmadi tədbirlər keçirir, üzərinə düşən ictimai-siyasi funksiyanın öhdəsindən gəlir. Bizim ölkədə siyasi fəaliyyətlə məşğul olmaq çətindir, məhdudiyyətlər çoxdur. Amma buna baxmayaraq fəaliyyətimizi davam etdiririk”, – deyə Mirəlioğlu qeyd edib.
KXCP sədri deyib ki, rəhbərlik etdiyi təşkilatın prioriteti qarşıdan gələn seçkilərə qatılmaqdır: “Hər bir partiyanın məqsədi seçkilərdə iştirak etmək, hakimiyyətə gəlməkdir. Siyasi vəziyyətə uyğun olaraq gələn seçkilərdə qərar veriləcək. Seçkilərdə iştirak edib-etməmək mənim istəyimlə bağlı deyil, partiyanın Ali Məclisinin, İdarə Heyətinin qərarından asılıdır. Kollegial şəkildə hansı qərar verilirsə, ona uyğun addım atılır. Əlbəttə, çalışacağıq ki, seçkilərdə iştirak edək, uğur qazanaq. Amma bunlar həmin vaxtın siyasi şəraitinə bağlı məsələlərdir. Ümumiyyətlə, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının dəyişdirilməsi və azad və ədalətli seçkilərin keçirilməsi vacibdir. Biz də hökumətə təkliflərimizi veririk, çalışırıq ki, bu dəyişikliklərinə nail olaq”.
KXCP-nin qurultay keçirib-keçirməyəcəyi məsələsinə gəlincə, sədr deyib ki, qurultay ötən ilin mart ayında baş tutub: “Nizamnamə və məramnaməmizə uyğun qurultayımız keçiriləcək. Hələ ki, növbəti qurultayın müddətinə var”.
Anar ABDULLA
Azpost.info