Avropa Komissiyası Avropa İttifaqının genişlənmə siyasətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Bloombergin məlumatına görə, Komissiya Aİ-yə yeni dövlətlərin qəbulunu asanlaşdıracaq və üzv ölkələrin veto imkanlarını məhdudlaşdıracaq genişmiqyaslı islahat paketi hazırlayıb.
Təkliflərin sentyabrın sonunda Aİ ölkələrinə və Avropa Parlamentinə təqdim ediləcəyi bildirilir.
Məlumata görə, hazırlanan layihə Aİ-yə üzvlük üçün tələb olunan islahatların yenidən nəzərdən keçirilməsindən tutmuş qərarların qəbulunda yekdillik prinsipinin dəyişdirilməsinə qədər bir sıra mühüm yenilikləri əhatə edir.
Əsas dəyişikliklərdən biri yeni dövlətlərin Aİ-yə qəbulunda üzv ölkələrin veto hüququnun aradan qaldırılması ola bilər.
Hazırda Aİ daxilində bir sıra mühüm qərarlar yekdillik əsasında qəbul edilir. Bu isə ayrı-ayrı ölkələrə qərarların qarşısını almaq imkanı verir.
Komissiyanın hazırladığı yeni modeldə isə müəyyən qərarların ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulur. Bununla Aİ daxilində ayrı-ayrı dövlətlərin qərarları bloklamasının qarşısının alınması hədəflənir.
Bloomberg qeyd edir ki, islahat Aİ-nin gələcək genişlənməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.
Yeni yanaşma xüsusilə Aİ-yə üzvlük perspektivi olan ölkələr üçün diqqət çəkir. Çünki hazırkı sistemdə üzv dövlətlərdən birinin etirazı genişlənmə prosesinin qarşısını ala bilər.
Avropa Komissiyasının sentyabrda təqdim edəcəyi təkliflərin hansı formada qəbul ediləcəyi isə hələ məlum deyil. Bunun üçün Aİ üzv dövlətləri və Avropa Parlamenti daxilində müzakirələr aparılmalıdır.
Əgər bu dəyişikliklər reallaşarsa, Aİ-nin qərarvermə mexanizmində son illərin ən ciddi institusional dəyişikliklərindən biri baş verə bilər.