Britaniya Ukraynaya təhlükəsizlik zəmanəti verir- Kiyevə gələn Sunak hansı dəstəyi vəd edir?

Böyük Britaniya Ukrayna ilə hərbi dəstək və uzunmüddətli təhlükəsizlik zəmanəti ilə bağlı ikitərəfli saziş bağlayan ilk Qərb ölkəsi olacaq.

Azpost.info xəbər verir ki, bu, Britaniya Baş naziri Rişi Sunakın Kiyevə bugünkü səfərində məlum olub.

Sunak müvafiq sazişi imzalamaq üçün bu gün Kiyevə səfər edib. G7 ölkələri NATO-nun ötən ilin yayında Vilnüsdə keçirilən sammitində Ukrayna ilə belə sazişlər bağlamağa razılaşıblar.

Sunak bildirib ki, razılaşmaya əsasən, Rusiya gələcəkdə Ukraynaya yenidən hücum edərsə, Britaniya Ukraynaya sürətli və davamlı dəstək verməyi öhdəsinə götürəcək.

Baş nazir bu sazişi iki ölkə arasında sarsılmaz 100 illik tərəfdaşlığın inkişafı yolunda ilk addım adlandırıb. Bundan başqa, Böyük Britaniya bu il Ukraynaya 2,5 milyard funt sterlinq hərbi yardım verəcək. Bu, müharibənin ilk iki ilinin hər birindən 200 milyon funt-sterlinq çoxdur.

Pul həmçinin uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, mərmilər və dəniz təhlükəsizliyi üçün istifadə olunacaq. London Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyə, kibertəhlükəsizlik sahəsində kömək etməyə, hərbi personal və hərbi həkimlərə təlim keçməyə davam edəcək. Ötən il Ukrayna Silahlı Qüvvələrinin 30 minə yaxın əsgəri Böyük Britaniyada təlim kurslarını bitirib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya dondurulmuş aktivlərini xilas etməyin yolunu tapıb”

Sonrakı məqalə

“Bu, Rusiyaya müharibə elanı demək olacaq”