Bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinindənverilən məlumata görə, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.
Görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.
Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.
Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.
Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar. Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.
Görüşlə bağlı Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.