Almanlar SSRİ-nin məşhur “Baharın on yeddi anı” filmi haqqında nə düşünür?– Maraqlı faktlar

Sovet tamaşaçısı üçün “Baharın on yeddi anı” sadəcə teleserial deyil. Bu ekran əsəri bütöv bir nəslin ortaq yaddaşına çevrilmiş, sovet mədəniyyətinin ayrılmaz hissəsi sayılan filmdir. Yeni seriya yayımlananda küçələr boşalır, filmdəki ifadələr dillər əzbərinə çevrilir, Ştirlits obrazı isə sovet qəhrəmanının simvolu kimi qəbul edilirdi. Bu filmi milyonlarla insan əzbər bilir.

Bəs filmdə “düşmən” kimi təqdim olunan almanlar bu ekran əsərinə necə yanaşırlar? Almaniyada bu serial necə qarşılanıb? Məlum olur ki, cavab ilk baxışdan göründüyündən daha mürəkkəbdir.

Almaniyada: ilk mədəni şok

Yayılan fikrin əksinə olaraq, “Baharın on yeddi anı” yalnız SSRİ üçün çəkilmiş qapalı layihə olmayıb. Rejissor Tatyana Lioznova filmi əvvəldən xarici ölkələrdə də nümayiş etdirməyi planlaşdırmışdı. Premyeradan qısa müddət sonra serial Almaniya Demokratik Respublikasında (Şərqi Almaniya) nümayiş etdirildi.

Lakin alman tamaşaçıları üçün film yenidən montaj edildi. Bu qərarın qəbul edilməsində ADR Dövlət Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Markus Volfun tövsiyələri mühüm rol oynadı.

Bunun səbəbi sadə idi. Sovet tamaşaçısı üçün Almaniyanın detalları o qədər də vacib deyildi və Baltikyanı ölkələrdə çəkilmiş səhnələr kifayət qədər inandırıcı görünürdü. Alman tamaşaçısı isə tarixi və məişət detallarına daha həssas yanaşırdı.

Məsələn, filmdə Ştirlitsin sürdüyü dəbdəbəli Horch avtomobili əslində yalnız Üçüncü Reyxin ən yüksək rəhbərliyinin istifadə edə biləcəyi maşın idi. Alman versiyasında onu ştandartenfürerin statusuna uyğun daha sadə Mercedes əvəz etdi.

Digər uyğunsuzluq isə radist Ketlə bağlı idi. Əfsanəyə görə, o, adi berlinli qadın idi. Halbuki belə bir şəxsin həmin dövrdə əsasən imkanlı şəxslər üçün nəzərdə tutulmuş məşhur Şarite klinikasına düşməsi real görünmürdü. Bundan başqa, filmdə göstərilən Reyx Kanslerliyi də 1945-ci ilin martında artıq mövcud deyildi – bina müttəfiq aviasiyasının bombardmanı nəticəsində dağıdılmışdı.

Ancaq alman tamaşaçılarını ən çox təəccübləndirən texniki səhvlər yox, filmin yanaşması oldu. Onlar uzun illər kinoda yalnız karikatura şəklində təqdim olunan nasist obrazlarını görmüşdülər. Bu filmdə isə ilk dəfə ekrana yalnız qəddar canilər deyil, hissləri, tərəddüdləri, səhvləri və xarakteri olan insanlar çıxırdı.

Üstəlik, filmdə almanlar arasında vicdanlı və ləyaqətli obrazlara da yer verilmişdi. Məsələn, həyatını təhlükəyə ataraq radist Ketin həyatını xilas edən Helmut Kalder obrazı buna nümunə göstərilir.

Aktyor Vyaçeslav Tixonov sonralar bu barədə belə demişdi: “Biz filmdə Hitlerdən sonra da yaşayacaq alman xalqını göstərmək istəyirdik. Hitlerlər gəlir və gedir.”

Bu humanist yanaşma Almaniyada həm rəğbət, həm də mübahisə doğurdu.

Almanların bəyəndiyi və tənqid etdiyi məqamlar

Filmin ən maraqlı reaksiyalarından biri Oleq Tabakovun ünvanına gələn məktub idi. SS-in xarici kəşfiyyat rəhbəri Valter Şellenberqi canlandıran aktyora real Şellenberqin qardaşı qızı məktub göndərərək obrazı “sevgi və istiliklə təqdim etdiyinə görə” təşəkkür etmişdi.

Bu məktub Tabakov üçün gözlənilməz olmuş, hətta onun problemlə üzləşəcəyindən ehtiyat etməsinə səbəb olmuşdu.

Alman tamaşaçıları Vyaçeslav Tixonovun ifasını da yüksək qiymətləndirirdilər. Onların fikrincə, aktyorun yaratdığı Ştirlits obrazını hətta dublyajsız da anlamaq mümkün idi. Ziyalı, təmkinli, ağıllı və xarizmatik kəşfiyyatçı obrazı rusların yalnız say üstünlüyü hesabına qələbə qazandığı barədə stereotipləri sarsıdırdı.

Bununla yanaşı, müasir Almaniyanın kino tənqidçiləri bu obraza daha skeptik yanaşırlar. Onların fikrincə, Ştirlits həddindən artıq idealizə olunmuş, demək olar ki, mifoloji obrazdır. O, həmişə hamıdan bir addım öndədir, qüsursuzdur və mənəvi baxımdan sarsılmaz görünür. Tənqidçilər belə sual verirlər: o, nasizmə qarşı mübarizə aparır, lakin eyni zamanda başqa totalitar sistemin nümayəndəsidir. Belə halda qəhrəmanla ideoloji alət arasındakı sərhəd haradadır?

Alman tamaşaçısını narahat edən digər mühüm məsələ isə filmdə Holokost mövzusunun demək olar ki, yer almamasıdır. Almaniya üçün bu tarix hələ də sağalmayan yaradır və nasizm haqqında böyük ekran əsərində bu mövzunun kənarda qalması diqqətdən yayınmır.

“Ştirlitsi beş dəqiqəyə ifşa edərdilər”

Alman tamaşaçıları filmdə sovet auditoriyasının fərq etmədiyi çoxsaylı tarixi uyğunsuzluqlar aşkar ediblər.

Ən məşhuru siqaretlə bağlıdır. Filmdə Ştirlits, Müller və Şellenberq daim papiros çəkirlər. Halbuki Üçüncü Reyxdə Hitlerin dəstəklədiyi ciddi antitütün kampaniyası aparılırdı və siqaret çəkən SS zabitinə yaxşı baxılmırdı.

Digər maraqlı detal nikah üzükləridir. Filmdə radist Ket üzüyü sağ əlində gəzdirdiyi halda, alman ənənəsinə görə nikah üzükləri sol əldə taxılırdı. Alman tamaşaçılar zarafatla bildirirlər ki, belə bir səhv Ketin dərhal sovet casusu kimi ifşa olunmasına səbəb olardı.

Bundan başqa, “Ştirlits” soyadının Almaniyada ümumiyyətlə mövcud olmadığı da diqqətə çatdırılır. Filmdə onun vaxtilə Berlin tennis çempionu olması barədə əfsanənin də asanlıqla yoxlanıla biləcəyi vurğulanır.

Texniki səhvlər də nəzərdən qaçmayıb. Məsələn, Ştirlitsin kabinetindəki lampalı radio dərhal işə düşür. Halbuki 1940-cı illərin radio aparatlarının isinməsi üçün müəyyən vaxt lazım idi.

“Həddindən artıq zərif görünürlər”

2018-ci ildə Almaniya Bundestaqında serial ətrafında mübahisə yaranmışdı. Hakim koalisiyanın bəzi nümayəndələri hesab edirdilər ki, ekran əsəri nasist zabitlərini həddindən artıq “normal” və “ləyaqətli” göstərir, sovet casusunu isə qəhrəmanlaşdırır. Hətta serialın yenidən çəkilməsi təklif edilmişdi. Digər tənqidlər estetik yanaşma ilə bağlı idi. Bəzi alman tamaşaçılar hesab edirdilər ki, filmdəki sıravi nasistlər, xüsusilə kilsə səhnəsində görünən əsgərlər həddindən artıq zərif görünür və qorxu hissi yaratmırlar.

Başqa bir tamaşaçı isə belə sual verirdi: “Ştirlits niyə bu qədər yaraşıqlıdır? Axı peşəkar kəşfiyyatçı diqqət çəkməməlidir.”

Eyni fikir Müller və Şellenberq obrazlarına da aid edilirdi. Onların cazibədar təqdimatı bəzi almanlara qəribə görünürdü. Həmin bloqer isə bu sualı belə cavablandırmışdı: Bu, incəsənətdir. O, həyatdan daha güclü təsir bağışlamalıdır.”

Almanların baxışı niyə fərqlidir?

Nəticədə Almaniyada “Baharın on yeddi anı” filminə münasibət sovet tamaşaçısının baxışının sanki güzgüdə əksi oldu.

Sovet auditoriyası üçün bu film xeyirin şər üzərində qələbəsi haqqında mif idi. Alman tamaşaçısı üçün isə o, öz keçmişi ilə ağır və ağrılı dialoqdur. Bizim üçün Ştirlits qəhrəman idi. Almanlar üçün isə o, şərin həmişə qorxunc simada görünmədiyini xatırladan bir obrazdır. Şər bəzən ağıllı, cazibədar və yüksək intellektli ola bilər. Məhz bu səbəbdən də daha təhlükəlidir.

Bütün tənqidlərə baxmayaraq, bir məqam dəyişməz qalır. Almaniyada bir çox kino mütəxəssisi və tamaşaçı “Baharın on yeddi anı”nı sovet müharibə filmləri arasında həqiqi incəsənət nümunəsi kimi qəbul edir.

N.Talıbov

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.